0

CASCFEN Saatlı müəllimləri üçün seminar keçirdi – Video

Seminardan görüntülər

CASCFEN, Bakı, 03 iyul 2017 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) “Təhsil işçilərinin media ilə əlaqələrinin optimallaşdırılması” layihəsi çərçivəsində Saatlıdakı 1 saylı məktəbdə seminar keçirib.

Seminarın açılışında çıxış edən CASCFEN sədri Azər Həsrət verdiyi dəstəyə görə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkür edib. O, eyni zamanda Saatlı rayon icra hakimiyyətinə və məktəbin kollektivinə təşəkkürünü ifadə edib.

Daha sonra layihə haqqında bilgi verən CASCFEN sədri bildirib ki, Azərbaycanda bir sıra şəxslər mediadan sui-istifadə edir, əsasən də məktəb kollektivlərinə narahatlıq yaradır. Belə olan halda məktəb kollektivləri, onların rəhbərləri media ilə əlaqələrin necə qurulacağını yetərincə bilmir. Bu isə ona səbəb olur ki, jurnalistikadan sui-istifadə edənlər müəllimləri qorxu altında saxlayır.

“Bizim layihəmizin məqsədi odur ki, siz müəllimlər media ilə əlaqələrin necə qurulmasını mənimsəyə biləsiniz. Belə olacağı təqdirdə heç bir “jurnalist” sizi incidə bilməz”, – deyə Azər Həsrət bildirib.

Daha sonra çıxış edən ekspert Sevda Əsgərova iştirakçılara media ilə bağlı qanunvericiliyin bəzi müddəalarını izah edib. Ekspert qeyd edib ki, təhsil işçiləri media qanunvericiliyini yetərincə mənimsəyərsə, jurnalistikadan sui-istifadə edən şəxslər onlara problem yarada bilməz.

“Biz çalışırıq ki, daha çox təhsil işçisi media ilə münasibətlərin qurulmasında qanunların verdiyi imkanlardan xəbərdar olsun. Belə olan halda heç bir “jurnalist” sizin üçün narahatlıq yarada bilməyəcək”, deyə Sevda Əsgərova da qeyd edib.

Tədbirdə çıxış edən CASCFEN sədrinin müavini, “Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru Nadir Azəri də öz növbəsində qeyd edib ki, Azərbaycan mediasının heç bir normal kəsimi təhsil işçilərini şantaj etmir, onların işinə mane olmur.

“Siz müəllimləri incidənlərin hamısı birmənalı olaraq mediadan sui-istifadə edənlərdir. Bu adamların mediaya heç bir dəxli yoxdur. Onların çox zaman ali təhsili belə olmur. Belələri qapıları gəzib adamları şantaj edir, rüşvət alır. Təbii ki, hüquqlarınızı yaxşı biləcəyiniz təqdirdə elə adamlar sizin üçün təhlükə təşkil etməyəcək”, – deyə Nadir Azəri bildirib.

Müəllimlərin fəallığıyla müşayiət edilən tədbirdə bir sıra suallara cavab verilib. İştirakçılar seminardan onlara faydalı ola biləcək xeyli material əldə etdiklərini deyiblər.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib, xatirə şəkli çəkdirilib.

CASCFEN layihə çərçivəsində növbəti seminarlarını Xaçmazda və Bakıda təşkil edəcək.

CASCFEN Mətbuat Xidməti

Number of View: 2725
Filed in: Azərbaycan, Xəbərlər, Layihələr, Güney Qafqaz

Recent Posts

Bookmark and Promote!

© 2003-2017 CASCFEN. Bütün hüquqları qorunur. XHTML / CSS keçərlidir.
Yenidən düzənləmə: Azər Həsrət.