CASCFEN Bakıda müəllimlər üçün seminar keçirdi – VideoCASCFEN has conducted a seminar for teachers in Baku – Video

Bakı, CASCFEN, 07.09.2015 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) “Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti” mövzusunda sonuncu seminarını Bakıda keçirib. Xətai rayonundakı 245 saylı tam orta məktəbdə baş tutmuş seminara 50 müəllim qatılıb. Seminarı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası maliyyələşdirib.

Seminardan görüntülər
Seminardan görüntülər

Yaradılan şəraitə və dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür edən CASCFEN sədri Azər Həsrət eyni zamanda 245 saylı məktəbin direktoru Ülviyyə İsmayılovaya da ayrıca minnətdarlıq ifadə edib. O, direktorun tədrisdə yeni texnologiyaların tətbiqinə yaratdığı şəraiti nəzərə alaraq CASCFEN-in diplomuyla təltif edildiyini bildirib.

CASCFEN sədri daha sonra seminarla bağlı bəzi texniki məsələlər haqqında məlumat verib.

Bunun ardınca çıxış edən ekspert, Bakı Slavyan Universiteti yeni media kafedrasının baş müəllimi, “Space” TV-nin redaktoru və CASCFEN İdarə Heyətinin üzvü Dr. Nüşabə Hüseynli sosial mediada, ümumilikdə isə onlayn müstəvidə davranış qaydaları haqqında danışıb. O, ayrı-ayrı örnəklərlə iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirib.

Digər ekspert, “Kaspi” qəzetinin “Gənclik” əlavəsinin redaktoru, CASCFEN İdarə Heyətinin üzvü Lalə Musaqızı isə netiketin 10 qızıl qaydasını tək-tək izah edib. Çıxışçı qeyd edib ki, bu qaydalara əməl ediləcəyi təqdirdə virtual mühitin sakinləri – netizenlər internetdən istifadə zamanı xoşagəlməz hallarla daha az üzləşəcək.

Sonda Azər Həsrət onlayn ifadə azadlığı mədəniyyəti sahəsində məsuliyyət, həmçinin müəllif hüquqlarına hörmət məsələlərindən danışıb. O ayrıca vurğulayıb ki, Azərbaycan dövləti hər cür azadlıqlar üçün şərait yaradıb. “Biz də vətəndaş olaraq bu şəraitdən sui-istifadə etməməli, öz məsuliyyətimizi dərk etməliyik”, – deyə CASCFEN sədri bildirib.

Müəllimlərin də fəallığıyla yadda qalan seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilib, xatirə şəkli çəkdirilib.

Sertifikatlar təqdim edilərkən
Sertifikatlar təqdim edilərkən

Onu da əlavə edək ki, bu tədbirlə CASCFEN-in “Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti seminarları” layihəsi uğurla başa çatdırılıb. Layihə çərçivəsində 2-si Bakıda, 1-i Sumqayıtda, 7-si isə ayrı-ayrı rayonlarda olmaqla 10 seminar keçirilib. Seminarlarda ümumilikdə 300-dək müəllim iştirak edib.

Seminardan bütün Fotolar.

CASCFEN Mətbuat Xidməti

Number of View: 15585