CASCFEN Tərtərdə ifadə azadlığı seminarı keçirib – VideoCASCFEN has conducted in Tartar a seminar on freedom of expression – Video

Bakı, CASCFEN, 31.07.2015 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) Tərtərdə “Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti” mövzusunda növbəti seminarını keçirib. Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi və Tərtər rayon təhsil şöbəsində baş tutmuş seminarda 26 müəllim iştirak edib.

Seminarın açılışında çıxış edən Tərtər rayon təhsil şöbəsinin metodisti İntiqam Nuruyev bölgədə bu cür tədbirin keçirilməsini alqışladıqlarını deyib. O, təmsil etdiyi qurumun belə seminarlara önəm verdiyini qeyd edib.

“Biz çox şadıq ki, Azərbaycan dövlətinin yardımıyla müəllimlər üçün belə maarifləndirici seminarlar təşkil edilir. Bu, müəllimlərin öz üzərində çalışmasını, bilik və bacarıqlarını yüksəltməsini daha da stimullaşdıracaq”, – deyə İntiqam Nuruyev bildirib.

Sonra CASCFEN sədri Azər Həsrət çıxış edərək Tərtərdə gördüyü abadlığı, rayondakı dəyişiklikləri yüksək qiymətləndirib. Daha öncə də Tərtərdə bənzər tədbirlər təşkil etdiklərini deyən CASCFEN sədri qeyd edib ki, hər dəfə rayona gələndə buranın daha da gözəlləşdiyinin şahidi olur.

“Biz sevinirik ki, düşmənlə üz-üzə dayanmaqda olan bir rayonda bu qədər nəzərəçarpacaq dəyişiklik var. Burada ictimai təşkilatların davamlı tədbirlər keçirməsi, yeniliklərə açıq bir cəmiyyət formalaşdırılması sevindiricidir. Bu şəraiti yaratdığına görə öz dövlətimizə təşəkkür edirik”, – deyə o, bildirib.

Seminarın eksperti, Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə ifadə azadlığı mədəniyyətilə bağlı şəxsi təcrübəsindən danışıb, ayrı-ayrı örnəklərlə iştirakçıları maraqlandıran məsələləri izah edib. O qeyd edib ki, hər kəs ifadə azadlığına can atdığı halda həm də məsuliyyətini unutmamalıdır.

“Məsuliyyət unudularsa, cəmiyyətdə xaos yaranar, insanlar arasında arzuolunmaz mühit formalaşar”, – deyə S.Verdizadə bildirib.

Digər ekspert, CASCFEN sədri Azər Həsrət isə iştirakçılara ifadə azadlığının qanunverici bazası, beynəlxalq normalar haqqında danışıb. Sonda o, netiketin 10 qızıl qaydası haqda məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

Tərtərdəki seminar özünün dinamikliyi və iştirakçıların fəallığıyla seçilib.

Anonim sorğu zamanı iştirakçılardan 20-si seminarı əla, 6-sı isə yaxşı qiymətləndirib.

Sonda sertifikatlar təqdim edilib, qrup şəkli çəkdirilib.

Seminarın sonunda qrup fotosu
Seminarın sonunda qrup fotosu

Tədbirdən bütün Fotolar.

CASCFEN Mətbuat Xidməti

Number of View: 15153