CASCFEN Yevlaxda ifadə azadlığı seminarı keçirib – VideoCASCFEN has conducted a seminar on freedom of expression in Yevlakh – Video

Bakı, CASCFEN, 29.07.2015 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) “Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti” mövzusunda növbəti seminarını Yevlaxda keçirib. Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi seminara 23 müəllim qatılıb. Seminar Yevlax təhsil şöbəsində keçirilib.

Tədbirin açılışında iştirakçıları salamlayan Yevlax şəhər təhsil şöbəsinin müdiri Raquf Mirzəyev Azərbaycan dövlətinin ifadə azadlığı məsələlərinə verdiyi önəmdən danışıb. Daha sonra o, qeyd edib ki, CASCFEN kimi təşkilatların bölgələrdə belə tədbirləri təşkil etməsi yerlərdə vətəndaş maarifləndirməsinə böyük töhfə verir. Çıxışçı Yevlax rayonunda aparılan işlərdən də danışaraq seminar iştirakçılarına uğurlar diləyib.

Daha sonra öz çıxışına Azərbaycan dövlətinə təşəkkürlə başlayan CASCFEN sədri Azər Həsrət deyib ki, müəllimlər arasında ifadə azadlığı mədəniyyətinin yüksəldilməsi bütövlükdə cəmiyyətdə ab-havanın yaxşı yöndə dəyişməsinə səbəb olacaq.

Bundan sonra işə başlayan seminarda Azər Həsrət ifadə azadlığına təminat verən beynəlxalq və milli qanunlardan danışıb. Natiq qeyd edib ki, Azərbaycan Konstitusiyası insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə təminatı üçün imkan verir.

“Bununla belə insanlarımız çox zaman öz məsuliyyət hissini arxa plana keçirir. Bu isə yolverilməzdir”, – deyə Azər Həsrət əlavə edib.

Daha sonra çıxış edən ekspert, Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə sosial mediada ifadə azadlığı mədəniyyətinin pozulması hallarının doğurduğu nəticələr haqqında danışıb. O, şəxsi təcrübəsinə də toxunaraq qeyd edib ki, ölkədə bu sahənin də tam azad olması heç də o demək deyil ki, insanlar məsuliyyət hissini arxa plana keçirməlidir.

“Biz azadlıqların tərəfdarıyıq və bunun üçün də çalışırıq. Amma azadlıq istəyən insanlar gərək məsuliyyətlərini də unutmasınlar”, – deyə S.Verdizadə bildirib.

Bundan sonra Azər Həsrət netiketin 10 qızıl qaydası haqqında danışıb, iştirakçıların suallarını cavablandırıb.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib, xatirə şəkli çəkdirilib.

Seminarın sonunda qrup şəkli
Seminarın sonunda qrup şəkli

Seminardan bütün Fotolar.

CASCFEN Mətbuat Xidməti

Number of View: 11866