CASCFEN Saatlıda müəllimlər üçün seminar keçirib – VideoCASCFEN has conducted a seminar for teachers in Saatli – Video

Seminardan görüntülər
Seminardan görüntülər

Bakı, CASCFEN, 25.07.2015 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) Saatlıda “Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti” seminarı keçirib. Seminarda 20 nəfər müəllim iştirak edib. Seminarı Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyələşdirib.

Tədbirdə iştirakçıları salamlayan Saatlı rayon icra hakimiyyəti başçısının müavini Rahib Salahov rayonda görülən işlər, ictimai təşkilatlara yaradılan şərait haqda danışıb. O, Azərbaycan dövlətinin ifadə azadlığına olan qayğısını xüsusi vurğulayaraq qeyd edib ki, belə bir seminarın müəllimlər üçün təşkili onların öz işlərini daha səmərəli qurmasında faydalı olacaq. R.Salahov fürsətdən istifadə edərək rayonda aparılan təmir-tikinti işlərindən, yeni yolların çəkilməsindən də söz açıb. O, seminarın keçirildiyi Saatlı Gənclər Evinin də son illər ərzində istifadəyə verildiyini deyib.

Daha sonra çıxış edən CASCFEN sədri Azər Həsrət Rahib Salahovun şəxsində rayon icra hakimiyyətinə, rayon təhsil şöbəsinə, Saatlı Gənclər Evinə, həmçinin seminara qatılan müəllimlərə təşəkkürünü bildirib. O, qeyd edib ki, Azərbaycan dövləti QHT-lərin fəaliyyəti üçün belə əlverişli şərait yaratmaqla vətəndaş maariflənməsinə böyük töhfə vermiş olur.

“Biz çox sevinirik ki, öz dövlətimizin dəstəyilə bu cür tədbirləri keçirə bilirik. Bir vaxtlar ən adi bir tədbiri keçirməkdə çətinlik çəkirdik. Amma indi dövlətimiz nəinki geniş şərait yaradır, üstəlik, bu cür fəaliyyətləri maliyyələşdirir, yerlərdə tədbirlərin keçirilməsinə yardım edir. Biz məhz belə bir dövlət arzu edirdik və bu gün bu dövlət var”, – deyə Azər Həsrət bildirib.

Saatlıda doğrudan da nəzərəçarpan inkişafın olduğunu qeyd edən CASCFEN sədri daha sonra mövzu ətrafında çıxış edib.

Azər Həsrət əvvəlcə iştirakçılara Azərbaycanın da tərəfdar çıxdığı beynəlxalq sənədlərlə təsbit edilmiş ifadə azadlığı normaları haqqında danışıb. O, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin (BMT) 19-cu maddəsi, Avropa İnsan Hüquqları Konvensiyasının (Avropa Şurası) 10-cu maddəsi haqda danışıb. Bundan sonra Azərbaycan Konstitusiyasında insan hüquq və azadlıqlarına geniş yer verildiyini qeyd edən natiq həm də azadlıqlardan sui-istifadə hallarının doğurduğu məsuliyyət ətrafında fikirlərini paylaşıb.

CASCFEN sədri bunun ardınca müəllimlərə netiketin 10 qızıl qaydası haqqında danışıb, onlarla fikir mübadiləsi edib.

Dinamik atmosferdə keçən seminarda müəllimlər də öz fikirlərini səsləndirib, ayrı-ayrı məsələlər üzrə dəqiqləşdirmələr aparıblar.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Seminardan bütün Fotolar.

CASCFEN Mətbuat Xidməti

Number of View: 13097