Virtual aləmdə etik qaydalara əməl olunması müzakirə edildiCode of conduct on virtual world has been discussed

Tədbirdən görüntülər
Tədbirdən görüntülər

Bakı, CASCFEN, 12.09.2014 – Bu gün Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla Beynəlxalq Mətbuat Mərkəzində “Virtual aləmdə etik normaların gözlənilməsi” layihəsi çərçivəsində konfrans keçirib. CASCFEN-in sədr müavini, layihə rəhbəri Rey Kərimoğlu layihə haqqında ümumi məlumat verib.

CASCFEN İdarə Heyətinin üzvü, “Space” TV-nin redaktoru, konfransın eksperti Nüşabə Hüseynli də cəbhə xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində virtual aləmdə yayılan xəbərlərə münasibətini bildirib: “Əgər yeni mediada cəbhə xəttindəki tankların sayına qədər göstəririksə, jurnalistikanın bu dövlətə lazım olub olmadığı barədə düşünmək lazımdır. Sözügedən hadisələr zamanı yazılan və yayılan xəbərlər nə qədər yanlış yolda olduğumuzu göstərdi”.

N.Hüseynli saytlarda gedən kriminal xəbərlərə də münasibətini bildirib: “Bu xəbərlərdə cinayəti incəliklərinə, xırdalıqlarına qədər təsvir edirlər. Başlığa da kiminsə kimisə doğradığı, başını kəsdiyi çıxarılır. Bu, etik normalara, peşəkar jurnalistikaya nə qədər uyğun gəlir? Bu cür sayt rəhbərlərinə irad tutanda da deyirlər ki, sayt üçün işləyirik. Kütlənin arxasınca getmək nə dərəcədə düzgündür? İki yolumuz var: ya oxucu üçün işləməliyik, ya da peşəkar olmalıyıq”.

“Yeni Media Jurnalistləri” İctimai Birliyinin rəhbəri Xaqani Səfəroğlu bildirdi ki, bütün dünya kimi, Azərbaycan da yeni media məkanına daxil olub: “Bu, yeni dövrün mesajıdır. Sadəcə, İnterneti necə ram etmək barədə düşünmək lazımdır”.

X.Səfəroğlu Azərbaycanda informasiya təhlükəsizliyi haqqında qanunun olmasının vacibliyinə də toxundu: “Rusiya və Amerikada belə bir qanun var və sözügedən ölkələrdə ölkə üçün hər hansı ziyanlı məlumatın yayılmasına görə məmur da məsuliyyət daşıyır. Hesab edilir ki, məmurlar informasiyanı dolğun verməlidirlər ki, jurnalist də cəmiyyətə dolğun məlumat ötürə bilsin”.

Konfransda çıxış edən CASCFEN NTK sədri, “Millətçilik” qəzetinin redaktoru Sevda Əsgərova dünyada bloqçuluğun çox inkişaf etdiyini söylədi. Bildirdi ki, hər bir sahədə çalışan insanlar – istər həkim olsun, istər müəllim – özünün bloqunu yarada bilər. Amma bloq KİV hesab olunmur. Bloqda insanlar gördükləri işlər barədə bilgiləri, kitablarını, elmi məqalələrini yerləşdirir və məlumatlar verirlər. Amma əgər bloggerin yazdığı bir xəbər ictimaiyyət üçün informasiya yükü daşıyırsa, onda jurnalist həmin məlumatın doğruluğunu rəsmi dövlət orqanlarından dəqiqləşdirib xəbər portalında yerləşdirə bilər.

Daha sonra çıxışçı sosial şəbəkələrdə Azərbaycan-Ermənistan təmas xəttində baş verən hadisələrlə bağlı baş alıb gedən mənbəyi bilinməyən yalan xəbərlərin düşmənlər tərəfindən yayıla biləcəyini diqqətə çatdırdı.

Rey Kərimoğlu onu da replika olaraq əlavə etdi ki, 1-ci Qarabağ müharibəsi zamanı əsgərlərimiz düşmən texnikasının sayını öyrənmək üçün minalanmış ərazilərdən keçib texnika haqqında məlumat əldə etmək məqsədi ilə min bir əziyyətə qatlaşmalı olduqları halda, son hadisələr zamanı bizim “jurnalistlər” bütün bu məlumatları telefonla çəkərək yaydılar və bununla da ermənilərə xidmət göstərdilər. Bu, çox dəhşətli haldır.
Çıxış edən digər iştirakçılardan biri, Respublikanın əməkdar müəllimi Almaz Həsrət müəllimlərin diqqətinə çatdırdı ki, şagirdlərə vətənpərvərliyi düzgün aşılamaq lazımdır ki, belə xoşagəlməz hallar baş verməsin. Daha sonra Almaz Həsrət təklif etdi ki, elə bu təşkilat müəllimlər üçün onlayn etikanın qavranması məqsədilə seminarlar təşkil edərək onları maarifləndirsin.

Hərbi diktor, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı, tanınmış jurnalist Faiq Qəzənfəroğlu, Qarabağ qaziləri və digər iştirakçılar çıxış edərək söylədilər ki, internet cəmiyyətimizdə artıq yeni münasibətlər sistemini formalaşdırıb. Buna görə də, virtual aləmdə də etik normaların gözlənilməsi vacibdir. Konfrans iştirakçıları internetdə etik normalarla yanaşı, tez-tez müəllif hüquqlarının da pozulduğunu dilə gətirdilər. Sonda qərara alındı ki, təkliflər ümumiləşdirilərək Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına çatdırılsın.

Qeyd edək ki, layihə çərçivəsində “Virtual aləmdə etik normalar” adlı kitabça da hazırlanacaq.

CASCFEN Mətbuat Xidməti

Number of View: 23979